
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Xankəndi şəhərində əsaslı şəkildə yenidən qurulmuş Mədəniyyət Mərkəzinin açılışında iştirak edib.
Səfər zamanı Elçin Yusubov dövlət başçısına şəhərdə həyata keçirilən bərpa və quruculuq işləri barədə məlumat verib.
Məlumata görə, XX əsrin 60–70-ci illərində inşa edilən binada uzun illər ərzində yaranmış konstruktiv aşınmalar və zədələnmələr aradan qaldırılaraq obyekt tam yenidən qurulub.
Yenidənqurma nəticəsində Mədəniyyət Mərkəzində akt və kino zalları, yaradıcılıq dərnəkləri, təlim otaqları, inzibati bölmələr, bufet və suvenir mağazası yaradılıb. 348 yerlik zalda konsert, tamaşa, film nümayişi və müxtəlif mədəni tədbirlərin keçirilməsi mümkün olacaq.
Qeyd edilib ki, Xankəndidə həyata keçirilən bu kimi layihələr bölgənin mədəni həyatının canlandırılmasına və sosial infrastrukturun inkişafına mühüm töhfə verir.







