
Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında 1/4 final mərhələsinə vəsiqə qazanıb.
RealMedia.info xəbər verir ki, Elşad Quliyevin rəhbərlik etdiyi yığma 1/8 final mərhələsində Qazaxıstan millisi ilə qarşılaşıb.
"Tipos Arena"da keçirilən gərgin oyunda Azərbaycan komandası rəqibini 3:2 hesabı ilə məğlub edib. Millimizin qollarını Rəvan Kərimov, İsa Atayev və Məhəmməd Xəlilov vurublar.
Günün digər 1/8 final görüşlərində Rumıniya Avstriyanı 7:0, Serbiya Yunanıstanı 4:2, Çexiya isə Monteneqronu 2:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə adlayıb.
Beləliklə, Azərbaycan millisi 1/4 finalda Çexiya yığması ilə qarşılaşacaq.
Qeyd edək ki, yığmamız qrup mərhələsində də uğurlu çıxış edərək Avstriya, İtaliya və Fransa üzərində qələbə qazanmış, F qrupunu lider kimi başa vurmuşdu.
Avropa çempionatına iyunun 4-də yekun vurulacaq.