
İndoneziyanın Cənubi Sulavesi əyalətində 10 nəfəri daşıyan təyyarə yoxa çıxıb.
“Realmedia.info” xəbər verir ki, bu barədə “Antara” agentliyi məlumat yayıb. Bildirilib ki, təyyarədə 7 ekipaj üzvü də daxil olmaqla 10 nəfər olub və hazırda axtarış-xilasetmə əməliyyatları davam edir.
İndoneziya Hava Nəqliyyatı şirkətinə məxsus ATR 42-500 tipli təyyarədən gələn siqnal Maros bölgəsi üzərində itib. Səlahiyyətli qurumlar təyyarə ilə əlaqənin kəsilməsinin əlverişsiz hava şəraiti ilə bağlı ola biləcəyini istisna etməyiblər.
İndoneziyanın Mülki Aviasiya Baş İdarəsi təyyarənin tapılması üçün axtarış əməliyyatlarının başladığını və prosesdə aidiyyəti qurumlarla sıx əməkdaşlıq edildiyini açıqlayıb.