
Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov 2026-cı il yanvarın 6-da Quba rayonunda növbəti vətəndaş qəbulu keçirəcək, həmçinin polis orqanlarında və daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin sıra baxışını aparacaq.
Realmedia xəbər verir ki, qəbul Quba Rayon Polis Şöbəsinin inzibati binasında təşkil olunacaq. Vətəndaş qəbulunda Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarının sakinləri iştirak edə bilərlər.
Qəbula yazılmaq istəyən vətəndaşlar Nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı 5 yanvar 2026-cı il tarixinədək yaşadıqları ərazinin polis orqanına, həmçinin DİN-in “E-Polis” mobil tətbiqi, e-xidmet.mia.gov.az elektron xidmət portalı, eləcə də qurumun sosial şəbəkə səhifələri vasitəsilə müraciət edə bilərlər.
Polis orqanlarında və daxili qoşunlarda xidmət etmək istəyən namizədlərin sıra baxışı isə vətəndaş qəbulundan əvvəl — 6 yanvar 2026-cı il tarixində saat 08:00-da Quba Olimpiya İdman Kompleksində keçiriləcək.
Qeyd olunub ki, həm vətəndaş qəbuluna, həm də sıra baxışına gələn şəxslərdən şəxsiyyət vəsiqəsi tələb olunur.