
Azərbaycan Respublikasının Prezidenti tərəfindən Cinayət Məcəlləsində və “Terrorçuluğa qarşı mübarizə haqqında” Qanunda dəyişiklikləri nəzərdə tutan yeni Qanun təsdiqlənib.
Yeni dəyişikliklərə əsasən, Cinayət Məcəlləsinə əlavə edilən 214-4-cü maddə ilə terror təşkilatı yaratmaq və ya həmin təşkilata rəhbərlik etmək ayrıca cinayət əməli kimi müəyyən olunub və buna görə məsuliyyət nəzərdə tutulub.
Bununla yanaşı, Cinayət Məcəlləsinin 282-ci maddəsi – təxribat cinayəti üzrə də yeni redaksiya qəbul edilib.
Yenilənmiş müddəalara görə, süni intellekt texnologiyaları və xüsusi proqram təminatlarından istifadə etməklə enerji, nəqliyyat, telekommunikasiya şəbəkələri, kritik informasiya infrastrukturu və əhalinin həyat təminatı sistemlərinin fəaliyyətini pozmağa yönələn əməllər xüsusilə ağır cinayət hesab ediləcək.
Dəyişikliklərdə həmçinin Azərbaycanın müdafiə qabiliyyətini, iqtisadi təhlükəsizliyini və elmi-texniki potensialını zəiflətmək məqsədilə həyata keçirilən müxtəlif fəaliyyətlərin də təxribat cinayətləri sırasına daxil edildiyi vurğulanıb.
Bundan əlavə, Prezidentin 08 may 2026-cı il tarixli fərmanına əsasən, qeyd olunan cinayətlərlə bağlı ibtidai istintaq aparmaq səlahiyyəti Dövlət Təhlükəsizliyi Xidmətinə verilib.