
Prezident İlham Əliyevin 24 aprel 2026-cı il tarixli Sərəncamına əsasən, 1941-1945-ci illər İkinci Dünya müharibəsi iştirakçılarına və digər kateqoriyadan olan şəxslərə birdəfəlik maddi yardımlar ödənilib.
“Realmedia.info” xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Məlumata görə, faşizm üzərində Qələbənin 81-ci ildönümü münasibətilə İkinci Dünya müharibəsi iştirakçılarının hər birinə 2750 manat məbləğində birdəfəlik maddi yardım verilib.
Bununla yanaşı, İkinci Dünya müharibəsində həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadları, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif olunan şəxslər, döyüş cəbhələrinin arxa hüdudlarında və döyüşən donanmaların əməliyyat zonalarında xüsusi tapşırıqları yerinə yetirmiş işçilər, Leninqrad şəhərinin müdafiəsinə görə medal və döş nişanı alan şəxslər, həmçinin Leninqrad mühasirəsi iştirakçılarının hər birinə isə 1500 manat birdəfəlik maddi yardım ödənilib.
Qeyd olunub ki, sərəncam ümumilikdə 2 minə yaxın şəxsi əhatə edib. Birdəfəlik maddi yardımlar vətəndaşların bank hesablarına köçürülüb.