
Tovuz rayonunda valideynləri tərəfindən imtina edilən üç azyaşlı dövlət qurumlarının müdafiəsinə götürülüb.
Məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyi əməkdaşları Tovuz Rayon Mərkəzi Xəstəxanası-na gələrək uşaqların təkrar tibbi müayinədən keçirilməsini təmin ediblər.
Müayinələrdən sonra azyaşlılar xəstəxanadan götürülərək Gəncə şəhərində yerləşən uşaq müəssisələrindən birinə yerləşdiriliblər.
Məlumata əsasən, uşaqların anası Təranə Ələsgərova hazırda xəstəxanada müalicə alır.
Xatırladaq ki, ailənin yaşadığı ünvanda uşaqlara qarşı zorakılıq və laqeyd münasibət halları ilə bağlı məlumatlar əsasında araşdırma aparılıb. Ailənin atası Səbuhi Ələsgərov barəsində də uşaqları dilənçiliyə məcbur etmə və ailədaxili zorakılıq iddiaları qeyd olunur.
Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırmalar davam etdirilir.