
Sosial şəbəkələrdə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin adından “deepfake” texnologiyası ilə hazırlanmış saxta video yayılıb.
Realmedia.info xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyi (MEDİA) məlumat yayıb. Bildirilib ki, yayılan saxta məzmun dezinformasiya xarakteri daşıyır və Azərbaycan–Türkiyə münasibətlərini zədələməyə, həmçinin strateji etimadı sarsıtmağa yönəlib.
MEDİA Agentliyi vətəndaşları yalnız rəsmi və etibarlı mənbələrə inanmağa çağırıb. Qeyd olunub ki, jurnalistlər və ictimai fəallar bu kimi hallara qarşı prinsipial mövqe nümayiş etdirməli, dezinformasiyanın yayılmasına yol verməməlidirlər.
Eyni zamanda, sosial media platformalarının sahiblərinə saxta məzmunun operativ şəkildə silinməsi və gələcəkdə bu cür halların qarşısının alınması üçün zəruri tədbirlərin görülməsi tövsiyə olunub.