
ABŞ Prezidenti Donald Tramp İranla sazişin imzalandığını və Hörmüz boğazının gəmiçilik üçün mərhələli şəkildə açıldığını bəyan edib.
Realmedia.info xəbər verir ki, Tramp bu barədə G7 sammiti çərçivəsində keçirdiyi görüşlər zamanı danışıb.
ABŞ liderinin sözlərinə görə, Hörmüz boğazı artıq qismən fəaliyyətə başlayıb və gəmilərin hərəkəti bərpa olunur.
“İranla saziş tam imzalanıb. Hörmüz boğazı artıq qismən açıqdır. Gəmilər hərəkət etməyə başlayıblar. İyunun 19-da boğaz tamamilə açılacaq. Biz İranla çox yaxşı anlaşdıq”, – deyə Tramp bildirib.
Məlumata görə, Vaşinqton və Tehran arasında əldə olunan anlaşma memorandumunu elektron formatda ABŞ Prezidenti Donald Tramp, vitse-prezident Cey Di Vens və İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf imzalayıblar.
CNN və “Axios”un jurnalisti Barak Ravidin yaydığı məlumata əsasən, memorandumun imzalanması ABŞ rəsmiləri tərəfindən də təsdiqlənib.
Daha sonra Fransa Prezidenti Emmanuel Makronla görüşü zamanı Tramp sənədin imzalandığını təsdiqləsə da, sazişin detalları barədə məlumat verməyib.
Bildirilib ki, sazişin rəsmi imzalanma mərasimi iyunun 19-da İsveçrənin Cenevrə şəhərində keçiriləcək. ABŞ Prezidenti qeyd edib ki, bundan sonra müqavilənin əsas şərtləri ictimaiyyətə açıqlanacaq.
Qeyd edək ki, Donald Tramp daha əvvəl də İranla razılığın əldə olunduğunu bəyan etmişdi. Yeni sazişin regionda sabitliyə və beynəlxalq enerji bazarlarında vəziyyətin normallaşmasına təsir göstərəcəyi gözlənilir.
Realmedia.info