
Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov ölkədə voleybolun inkişaf perspektivlərindən danışıb.
O bildirib ki, son illərdə bu idman növündə ciddi irəliləyiş müşahidə olunur:
“Bütün idmançılara təşəkkür edirəm. Çempionat boyu əzmkarlıq göstərdilər. Ölkəmizdə idman fəaliyyətində əldə olunmuş nailiyyətlər Azərbaycan üçün uğurdur.
Komandaların sayı çoxalır. Artıq ölkədə 170-dən artıq komanda mövcuddur. Qarşıda hədəflərimiz var. Ölkə rəhbərliyi tərəfindən idmana xüsusi diqqət ayrılır”.
Federasiya rəhbəri azarkeşlərin və medianın rolunu da xüsusi vurğulayıb:
“Azarkeşlərə minnətdarlığımı bildirirəm. Onların burada olması idmançılar üçün motivasiyadır. Çempionat boyu media nümayəndələri də davamlı olaraq yarışı işıqlandırdılar. Azərbaycanda voleybolun inkişafına tam əminəm”.
Qeyd edək ki, qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasının qalibi “Turan” komandası olub. “DH Volley” ikinci, “Gəncə” isə üçüncü yeri tutub.