
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova sosial şəbəkələrdə Qarabağ və Şərqi Zəngəzurda iş yerlərinin açılması ilə bağlı yayılan fikirlərə münasibət bildirib.
Komitə sədri qeyd edib ki, bəzi insanlar bu imkanlardan skeptik yanaşır və deyirlər ki, Gəncə və Sumqayıt sakinləri bu bölgələrdə işləməyəcək:
“İş yerlərinin açılması ilə bağlı sosial şəbəkələrdə boş-boş danışırlar. Deyirlər Qarabağda və Şərqi Zəngəzurda iş yerləri açılır, amma Gəncədə, Sumqayıtda yaşayanlar gedib orada işləməyəcək. Niyə işləməsin?! Azərbaycanda bütün infrastruktur yaranıb, yollar gözəldir. Siz Qərb ölkələrini görsəniz... Fransada yaşayan gəlib İsveçrədə işləyir. Nəyə görə? Çünki iş yerləri açılıb, imkanlar verilib. Niyə hər dəfə nəyisə tapıb nöqsan kimi göstərmək istəyirlər?”
Hicran Hüseynova bildirib ki, açılan yeni iş yerləri həm bölgələrin inkişafına töhfə verir, həm də ölkə vətəndaşlarına yeni perspektivlər yaradır.