
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) həyəcan təbili çalaraq bildirib ki, "Nipah" virusu hələ də geniş öyrənilməyən və son dərəcə təhlükəli viruslar sırasındadır.
Təşkilatın rəsmisi qeyd edib ki, virusun təbii rezervuarı olan yarasalar Hindistan və Banqladeşin bir neçə bölgəsində geniş yayılıb. Virus həm heyvanlardan, həm çirkli qida vasitəsilə, həm də insandan insana keçə bilir.
Hazırda virusun peyvəndi və spesifik müalicəsi yoxdur, buna görə də yoluxma halları ciddi nəzarət tələb edir.
Məlumata görə, Hindistanın Qərbi Benqal əyalətində ilkin olaraq 5 nəfər bu virusa yoluxub, daha sonra onlarla təmasda olan təxminən 100 nəfər karantinə alınıb. Rəsmi qurumlar vəziyyəti yaxından izləyir və əlavə tədbirlər görür.
ÜST, əhalini virusla bağlı xəbərdar olmağa və gigiyena qaydalarına ciddi riayət etməyə çağırır.