
“Bizim hazırladığımız dərs materiallarını izləmək kifayətdir. Uşaq nizam-intizamlıdırsa və öz üzərində işləməyi bacarırsa, əlavə repetitor yardımı tələb olunmur”, – deyə Dövlət İmtahan Mərkəzinin rəhbəri Məleykə Abbaszadə bildirib.
Sabiq təhsil naziri Misir Mərdanov isə mövzu ilə bağlı bildirib ki, proses düzgün qurulmalıdır:
“Bu sahədən 13 ildir ki, uzaqlaşmışam, dərs vəsaitlərinin səviyyəsi ilə tanış deyiləm, ona görə də dəqiq rəy verə bilmirəm. Mənim vaxtımda da repetitor yanına getmədən ali məktəblərə qəbul olan şagirdlər var idi. Lakin o zaman statistik məlumat aparılmırdı, indi də bu dəqiq məlum deyil, çünki repetitor fəaliyyəti gizli həyata keçirilir.
Repetitorluğu bir əmrlə aradan qaldırmaq mümkün deyil. Həm qəbul imtahanlarında verilən suallar, həm də məktəbdə tədris prosesi uyğunlaşdırılmalıdır. Belə təşkil olunduqda isə tədricən repetitorluğun ehtiyacı azaldıla bilər”.