
Sosial şəbəkələrdə vəfat etmiş şəxslərin kredit borclarının onların ailə üzvləri tərəfindən ödənilməsi ilə bağlı müzakirələr genişlənib.
İqtisadçı-ekspert Xalid Kərimli bildirib ki, qanunvericiliyə əsasən miras və borc vahid hüquqi kompleks kimi nəzərdə tutulur. Onun sözlərinə görə, vəfat etmiş şəxsin mirasını qəbul edən varis, həmin şəxsin borc öhdəliklərini də üzərinə götürmüş sayılır. Əgər varis mirasdan imtina edərsə, bu zaman borc öhdəliyi də ona keçmir.
Ekspert qeyd edib ki, miras qəbul edildikdən sonra kredit ödənişlərinin yenidən strukturlaşdırılması zərurəti yarana bilər. Bu halda banklar varisin gəlir imkanlarını qiymətləndirərək qərar verirlər.
Xalid Kərimli həmçinin vətəndaşlara tövsiyə edib ki, kredit götürərkən mütləq həyat sığortasından istifadə etsinlər. Onun sözlərinə görə, sığorta olduğu halda borcalan vəfat etdikdə kredit öhdəliyi sığorta şirkəti tərəfindən qarşılanır.
Mövzu ictimaiyyət arasında müzakirə olunmaqda davam edir.