
Fövqəladə Hallar Nazirliyi (FHN) Quba rayonunda baş verən təbii hadisənin fəsadlarının aradan qaldırılması istiqamətində operativ tədbir həyata keçirib.
Realmedia.info xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi Quba Rayon İcra Hakimiyyətinin müraciəti əsasında 3 ton ərzaq və gündəlik tələbat mallarını Mülki müdafiə qoşunlarına məxsus xüsusi təyinatlı avtomobil vasitəsilə Qonaqkənd kəndinə göndərib.
Məlumata görə, çətin keçidli və mürəkkəb relyefli ərazilərdən keçilərək yüklər təyinat ünvanına çatdırılıb.
Qeyd edilib ki, son günlər yağan intensiv yağışlar nəticəsində Quba rayonunun Qonaqkənd istiqamətində torpaq sürüşməsi baş verib. Nəticədə rayon mərkəzi ilə bir neçə kəndi birləşdirən avtomobil yolu sıradan çıxıb və nəqliyyat əlaqəsində çətinliklər yaranıb.
Hazırda ərazidə bərpa və təhlükəsizlik tədbirlərinin görülməsi istiqamətində işlər davam etdirilir.