
Bakı Şəhər İcra Hakimiyyətində şəhərin kommunal xidmət rəhbərlərinin iştirakı ilə növbəti müşavirə keçirilib.
Məlumata görə, qurumun başçısı Eldar Əzizovun sədrliyi ilə keçirilən iclasda son üç gün ərzində yağan şiddətli yağışların fəsadlarının aradan qaldırılması istiqamətində görülən işlər müzakirə olunub, fəaliyyətin daha da gücləndirilməsi və su basmış həyət və fərdi evlərlə bağlı operativ tədbirlərin görülməsi tapşırılıb.
Bildirilib ki, xüsusilə Nizami rayonu, Xəzər rayonu və Sabunçu rayonu ərazilərində görülən işlər müsbət qiymətləndirilib. Bununla yanaşı, bəzi rayonlarda yağışla bağlı tədbirlərin zəif aparıldığı da diqqətə çatdırılıb.
Aparılan monitorinqlər nəticəsində müəyyən edilib ki, yağışdan ən çox zərər çəkən tikililər əsasən tikinti normalarına uyğun olmayaraq qanunsuz inşa edilmiş gecəqondu evlərdir. Bu baxımdan, rayon icra hakimiyyəti başçılarının şəxsi məsuliyyət daşıdığı vurğulanıb.
Müşavirədə həmçinin martın 30-da paytaxtda genişmiqyaslı ümumşəhər daxili iməcilik keçirilməsi qərara alınıb.
Toplantıda yağışın fəsadlarının aradan qaldırılması işlərində Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyi və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin birgə fəaliyyəti təqdir olunub və bu istiqamətdə işlərin daha da genişləndirilməsi qərara alınıb.