
Çox vaxt müştərilərlə restoran işçiləri arasında anlaşılmazlıqlar yaranır. Bir çox vətəndaş servis haqqı barədə əvvəlcədən məlumatlandırılmadığını, bəzən isə menyuda göstərilən qiymətin hesab zamanı daha yüksək təqdim olunduğunu iddia edir. Sosial şəbəkələrdə də bu kimi hallarla üzləşən müştərilərin paylaşımlarına tez-tez rast gəlinir.
Realmedia.info xəbər verir ki, Baku TV paytaxt sakinlərinin mövzu ilə bağlı fikirlərini öyrənib. Sakinlərdən biri bildirib:
"Ən çoxu 5 manat artıq gəlir xidmət haqqı. Harasa gedəndə 10 manat artıq pul götürürəm, bilirəm ki, üstünə xidmət haqqı da əlavə olunacaq."
Başqa bir sakin isə fikrini belə ifadə edib:
"Düzgün deyil. Ola bilər ki, kiminsə cibində o qədər pul olmasın."
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən bildirilib ki, restoran və kafelərdə istehlakçılara məhsul və xidmətlər barədə məlumatlar mülkiyyətçi və ya obyektin rəhbəri tərəfindən təsdiq edilmiş menyu vasitəsilə çatdırılmalıdır.
Agentlik qeyd edir ki, təqdim olunan xidmət və məhsulların qiyməti menyuda göstərilən məbləğ əsasında müəyyən edilir və hesablaşmalar həmin qiymətlərə uyğun aparılmalıdır. Menyuda qeyd olunan qiymətlərdən fərqli məbləğin tələb edilməsi istehlakçıların aldadılması hesab olunur.
İnzibati Xətalar Məcəlləsinə əsasən, mal satan və ya xidmət göstərən şəxslər tərəfindən istehlakçıların az miqdarda aldadılması hallarında fiziki şəxslər 350–500 manat, vəzifəli şəxslər 1 500–2 000 manat, hüquqi şəxslər isə 4 000–6 000 manatadək cərimə edilə bilər.
Müştərilərə tövsiyə olunur ki, hesabı qəbul etməzdən əvvəl menyudakı qiymətləri diqqətlə yoxlasın və əlavə ödəniş hallarında xidmət göstərən şəxslə məsələni dəqiqləşdirsinlər.