
Realmedia.info xəbər verir ki, 2050-ci ilə qədər Yer əhalisinin təxminən yarısının Miopiya (uzağı görməmə) problemi ilə üzləşəcəyi gözlənilir.
Məlumata görə, bu nəticə National Academy of Sciences tərəfindən yayımlanan hesabatda yer alıb.
“Attribute” klinikasının oftalmoloqu Yekaterina Bayandina bildirib ki, geniş yayılmış fikrin əksinə olaraq, görmə qabiliyyətinin pisləşməsi əsasən smartfonlardan yayılan mavi işıqla deyil, ekranın gözlərə olan məsafəsi ilə bağlıdır.
Onun sözlərinə görə, mavi işığın əsas təsiri görməyə deyil, insanın bioloji ritminə yönəlib:
“Real həyatda smartfonlardan yayılan mavi işıq gün işığından təxminən min dəfə zəifdir və görməyə ciddi zərər verəcək səviyyədə deyil. Lakin bu işıq melatoninin ifrazını azaldaraq yuxu rejimini poza bilər”.
Həkim qeyd edib ki, telefon və kompüterlərin gözlərə təsiri daha çox onların yaxın məsafədən istifadəsi ilə əlaqədardır. Bu zaman gözün fokuslanma sistemi həddindən artıq yüklənir və əvvəlcə “yalançı miopiya”, uzun müddətdə isə həqiqi miopiya yarana bilər.
Mütəxəssis görməni qorumaq üçün monitoru qol uzunluğu məsafəsində yerləşdirməyi, hər 20 dəqiqədən bir 20 saniyə uzağa baxmağı və qaranlıqda parlaq ekran qarşısında işləməməyi tövsiyə edir.