
Rusiyanın Sevastopol şəhərində yerləşən və şəhərin əsas tarixi simvollarından hesab olunan "Sevastopolun müdafiəsi 1854-1855-ci illər" panorama muzeyi pilotsuz uçuş aparatının hücumuna məruz qalıb.
Realmedia.info xəbər verir ki, bu barədə Sevastopol qubernatoru Mixail Razvojayev məlumat yayıb.
Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinə məxsus olduğu bildirilən pilotsuz uçuş aparatı muzey binasına çırpılıb. Nəticədə tikilinin dam hissəsində güclü yanğın başlayıb.
Məlumata əsasən, baş verən yanğına yüksək – 4-cü təhlükə dərəcəsi verilib. Hadisə yerinə çoxsaylı yanğınsöndürmə və xilasetmə qüvvələri cəlb olunub.
Qubernator bildirib ki, zərbə nəticəsində "Sevastopolun müdafiəsi 1854-1855-ci illər" panoraması ciddi dağıntılara məruz qalıb və faktiki olaraq yararsız vəziyyətə düşüb.
Hadisə yerində yanğının söndürülməsi və təhlükəsizlik tədbirlərinin görülməsi üçün 83 nəfər şəxsi heyət və 22 texnika fəaliyyət göstərir.
Hadisə nəticəsində ölən və ya xəsarət alanların olub-olmaması barədə hələlik rəsmi məlumat açıqlanmayıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.