
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Lənkərana səfəri çərçivəsində İstisu qəsəbəsində yerləşən “Yaşıl çay” fermer təsərrüfatını ziyarət edib.
Realmedia.info xəbər verir ki, Leyla Əliyeva təsərrüfatın fəaliyyəti, burada yetişdirilən çay sortları və istehsal olunan məhsullarla yaxından tanış olub.
Bildirilib ki, təsərrüfat Lənkəranın qədim çayçılıq ənənələrinin yaşadılması, yerli istehsalın inkişafı və ekoloji kənd təsərrüfatının təşviqi baxımından mühüm rol oynayır.
Leyla Əliyeva çay plantasiyasında çalışan işçilərlə birlikdə çay yığımında iştirak edib, onlarla səmimi söhbət apararaq gündəlik iş prosesi ilə maraqlanıb. Səfər çərçivəsində xatirə şəkilləri də çəkdirilib.
Fermer təsərrüfatının sahibi Araz Yağubov bildirib ki, 2006-cı ildə yaradılan təsərrüfat 100 hektardan artıq ümumi ərazini əhatə edir. Onun sözlərinə görə, bunun 55 hektarını çay plantasiyası təşkil edir.
Görüş zamanı ekoloji kənd təsərrüfatının ətraf mühitin qorunmasına, regionda məşğulluğun artırılmasına və yerli istehsalın inkişafına verdiyi töhfə vurğulanıb. Həmçinin təsərrüfatın aqroturizm məkanı kimi böyük potensiala malik olduğu qeyd edilib.





