
Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə rezidenturaya qəbul prosesinin tam rəqəmsallaşdırılmasının nəzərdə tutulduğunu bildirib.
Onun sözlərinə görə, yaxın dövrdə rezidentura imtahanlarının və qəbul mərhələlərinin elektron formatda təşkili planlaşdırılır. Bu dəyişiklik imtahanların kompüter vasitəsilə keçirilməsini, qeydiyyat və nəticələrin elan olunması proseslərinin isə tam şəkildə rəqəmsal sistem üzərindən aparılmasını əhatə edəcək.
M.Abbaszadə qeyd edib ki, Dövlət İmtahan Mərkəzi artıq geniş rəqəmsal infrastruktur formalaşdırıb və son illər ərzində milyonlarla elektron xidmət göstərilib. Bu imkanlar rezidenturaya qəbul prosesinin şəffaf, operativ və obyektiv şəkildə həyata keçirilməsinə şərait yaradır.
DİM sədri vurğulayıb ki, rəqəmsallaşdırma həm insan amilinin minimuma endirilməsinə, həm də imtahan iştirakçıları üçün daha rahat və əlçatan mühitin yaradılmasına xidmət edəcək.