
İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampa bildirib ki, İsrail qoşunlarını Livandan çıxarmaq niyyətində deyil və Vaşinqtonla Tehran arasında əldə olunması nəzərdə tutulan razılaşmanın Livanla bağlı müddəalarını öz üzərinə öhdəlik kimi qəbul etmir.
İsrail mediasının yaydığı məlumata görə, Netanyahu ABŞ lideri ilə danışığında İsrail Müdafiə Ordusunun (SAXAL) hazırda Livanda yerləşdiyi mövqeləri qoruyacağını və bölgədə fəaliyyətini davam etdirəcəyini vurğulayıb. Baş nazir bildirib ki, İsrail "Hizbullah" tərəfindən yarandığını iddia etdiyi təhlükəyə qarşı mübarizəni davam etdirəcək, terror infrastrukturunun məhv edilməsi və ölkəyə qarşı istənilən hücumlara cavab verilməsi siyasətindən geri çəkilməyəcək.
Məlumata əsasən, İsrail rəhbərliyi Livandakı təhlükəsizlik maraqlarını prioritet hesab edir və qoşunların bölgədən çıxarılmasını gündəmdə görmür. İsrail rəsmiləri də ölkənin təhlükəsizlik zonalarından geri çəkilməyəcəyini bəyan ediblər.
Qeyd edək ki, ABŞ və İran arasında əldə olunan ilkin razılaşma Yaxın Şərqdə gərginliyin azaldılmasına yönəlsə də, Livan məsələsi İsrail və Vaşinqton arasında fikir ayrılıqlarına səbəb olub.