
Hondurasda baş verən iki ayrı silahlı hücum nəticəsində ümumilikdə 25 nəfər həlak olub, ölənlər arasında 6 polis əməkdaşı da var.
Məlumatı hüquq-mühafizə orqanlarına istinadən Sky News yayıb.
İlk hücum Truxilyo bölgəsində, kənd təsərrüfatı plantasiyalarından birində baş verib. Naməlum silahlı şəxslər işçilərə atəş açıb və nəticədə azı 19 nəfər həyatını itirib. Rəsmilər bildiriblər ki, qurbanların dəqiq sayı hələ tam müəyyən edilməyib, çünki bəzi cəsədlər yaxınları tərəfindən hadisə yerindən aparılıb.
İkinci hücum isə Omoa ərazisində, Qvatemala sərhədinə yaxın bölgədə qeydə alınıb. Silahlı şəxslər narkotik və cinayətkarlıqla mübarizə əməliyyatına çıxan polis əməkdaşlarının olduğu nəqliyyat vasitəsinə hücum ediblər. Nəticədə 6 polis, o cümlədən yüksək rütbəli zabit həlak olub.
Honduras Daxili Təhlükəsizlik Nazirliyi hadisə yerlərinə əlavə polis qüvvələri və hərbi bölmələrin göndərildiyini açıqlayıb.
Hücumlarla bağlı genişmiqyaslı istintaq başladılıb. Hadisələrin motivləri və mümkün şübhəlilər barədə araşdırmalar davam edir.