
Realmedia.info xəbər verir ki, Global Media Group 13 may 2026-cı il tarixində BMT-nin Qlobal Sazişi, BMT-nin Məskunlaşma Proqramı və qurumun Azərbaycandakı ofisi ilə birgə media əməkdaşları üçün “Dayanıqlı yaşayış mühitinin dili” mövzusunda təqdimat və müzakirə sessiyası təşkil edib.
Tədbir Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası ərəfəsində keçirilib və media nümayəndələrinin dayanıqlı və yaşıl yaşayış mühiti, şəhərsalma və tikinti sektoru ilə bağlı anlayışlar üzrə biliklərinin artırılmasını hədəfləyib.
Sessiyada BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Ofisinin rəhbəri Kanako Mabuçi medianın şəhərsalma davamlılığı ilə bağlı ictimai düşüncənin formalaşmasındakı rolundan danışıb.
BMT-nin Məskunlaşma Proqramının Azərbaycandakı Ölkə Proqramının rəhbəri Anna Soave “dayanıqlı yaşayış mühiti”, “yaşıl”, “enerji səmərəliliyi” və “dayanıqlı tikinti” anlayışları arasındakı fərqlərlə bağlı təqdimat edib.
Qurumun regionlararası məsləhətçisi Katya Şefer isə enerji səmərəliliyi, şəhər dayanıqlılığı, ağıllı şəhərlər və “greenwashing” riskləri barədə çıxış edib.
BMT-nin Qlobal Sazişinin Azərbaycan üzrə ölkə nümayəndəsi Samir Məmmədov Azərbaycanın Tikilmiş Mühit Proqramı və Dekarbonlaşdırma Öhdəliyi haqqında məlumat verərək, biznesin dayanıqlılığa investisiya qoymasının əhəmiyyətindən danışıb.
Tədbirin sonunda “Global Media Group”un Marketinq və Kommunikasiya Departamentinin rəhbəri Laura Seyidbəyova dayanıqlı inkişaf mövzularının medianın gündəliyində mühüm yer tutmasının cəmiyyət üçün vacib olduğunu bildirib. O qeyd edib ki, bu kimi təşəbbüslər jurnalistlərə qlobal dayanıqlılıq və urbanizasiya gündəliyini Azərbaycan kontekstində düzgün təqdim etmək imkanı yaradır.
Qeyd edək ki, Global Media Group 2024-cü il oktyabrın 9-da BMT-nin Qlobal Sazişi ilə Anlaşma Memorandumu imzalayıb. Memoranduma əsasən tərəflər dayanıqlı biznes təcrübələrinin və BMT-nin Qlobal Sazişinin 10 prinsipinin təşviqi istiqamətində birgə fəaliyyət həyata keçirirlər.
2017-ci ildə yaradılan “Global Media Group” Azərbaycanda və xaricdə fəaliyyət göstərən televiziya kanalları, informasiya agentlikləri, xəbər portalları və digər media resurslarını özündə birləşdirən aparıcı media holdinqlərindən biridir







