
İsmayıllı rayonu ərazisində, Lahıc istiqamətində yerləşən dağ yolunda uçqun baş verib.
Realmedia.info xəbər verir ki, hadisə nəticəsində iri qaya parçaları yolun hərəkət hissəsinə tökülüb və nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılıb.
Məlumata görə, uçqun səbəbindən ərazidə avtomobillərin hərəkətində çətinlik yaranıb və rayon mərkəzi ilə əlaqədə müvəqqəti məhdudiyyətlər meydana gəlib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Nəcəfli bildirib ki, hazırda İsmayıllı-Lahıc avtomobil yolunda təmizləmə işləri aparılır.
Onun sözlərinə görə, xüsusi texnikalar əraziyə cəlb olunub və yolun yaxın saatlarda tam şəkildə açılması planlaşdırılır.
Aidiyyəti qurumlar sürücülərə diqqətli olmağı və dağlıq ərazilərdə hərəkət zamanı təhlükəsizlik qaydalarına əməl etməyi tövsiyə edirlər.
