
Cənubi Amerika ölkələrinin ümumi bazarına (MERCOSUR) daxil olan dövlətlərin Avropa İttifaqına ixrac həcminin azad ticarət sazişinin bağlanmasından sonra əhəmiyyətli dərəcədə artacağı gözlənilir.
Realmedia.info xəbər verir ki, “Report”un Avropa Komissiyasının mətbuat xidmətinə istinadən məlumatına görə, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Paraqvayda keçirilən mətbuat konfransında açıqlama verib.
Onun sözlərinə görə, azad ticarət sazişinin icrası nəticəsində MERCOSUR ölkələrinin Aİ-yə ixracı 2040-cı ilə qədər 9 milyard avro artacaq. Bu göstərici 2024-cü ilin səviyyəsi ilə müqayisədə 15 faizdən çox artım deməkdir.
Ursula fon der Lyayen bildirib ki, saziş Avropa İttifaqı ilə MERCOSUR ölkələri arasında ticarət əlaqələrinin genişlənməsinə, iqtisadi əməkdaşlığın möhkəmlənməsinə və yeni investisiya imkanlarının yaranmasına mühüm töhfə verəcək.