
“Qarabağ” futbol klubunun qış fasiləsində keçirəcəyi təlim-məşq toplanışı zamanı qarşılaşacağı komandalar açıqlanıb.
Realmedia xəbər verir ki, klubun yaydığı məlumata əsasən, hazırlığın ikinci mərhələsi yanvarın 10–17-si aralığında Türkiyənin Antalya şəhərinin Belek bölgəsində yerləşən “Gloria Sports Arena”da təşkil olunacaq.
Bu müddətdə komanda hazırlıq prosesini davam etdirəcək və iki yoxlama matçında qüvvəsini sınayacaq. Ağdam təmsilçisi yanvarın 12-də Özbəkistanın “Neftçi” (Fərqanə) klubu ilə saat 17:00-da (Bakı vaxtı ilə 18:00), yanvarın 16-da isə Polşanın “Zaqlebie Lubin” komandası ilə saat 18:00-da (Bakı vaxtı ilə 19:00) qarşılaşacaq.
Qeyd edək ki, “Qarabağ” 2026-cı ildə ilk rəsmi oyununa yanvarın 21-də çıxacaq. Komanda UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində Almaniyanın “Ayntraxt” klubu ilə üz-üzə gələcək.