
Qaradağ rayonunun Umbakı qəsəbəsində (Çeyildağ ərazisi) körpünün çökməsi tədris prosesinə təsir edib.
Realmedia.info xəbər verir ki, bu barədə məlumat 224 nömrəli ümumi orta məktəb tərəfindən açıqlanıb.
Bildirilib ki, son günlər yağan intensiv yağışlar nəticəsində qəsəbəyə gedən yol sel suları səbəbindən yararsız hala düşüb. Körpünün çökməsi isə nəqliyyatın hərəkətini çətinləşdirib.
Mövcud vəziyyətlə əlaqədar olaraq məktəbdə I və II siniflər istisna olmaqla digər siniflər üzrə tədris müvəqqəti olaraq onlayn formada təşkil edilib.
Qeyd olunub ki, məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət edilib və problemin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.
Alternativ yol bərpa olunana qədər dərslərin məsafədən davam etdirilməsi planlaşdırılır.