
Türkiyənin Balıkesir şəhərində 9-cu Əsas Qırıcı Aviasiya Bazası Komandanlığına məxsus F-16 təyyarəsi tapşırıq uçuşu zamanı qəzaya uğrayıb.
İsmayıl Ustaoğlu sosial media hesabında bildirib ki, hadisə gecə saat 00:50 radələrində baş verib.
Türkiyə Milli Müdafiə Nazirliyinin açıqlamasına görə, saat 00:56-da havaya qalxan F-16 təyyarələrindən biri ilə radio əlaqəsi və izləmə məlumatları itib. Dərhal başladılan axtarış-xilasetmə əməliyyatları nəticəsində təyyarənin qəzaya uğradığı müəyyən edilib və qalıqları tapılıb.
Nazirlik pilotun şəhid olduğunu təsdiqləyib. Qeyd olunub ki, qəzanın səbəbi yaradılan xüsusi araşdırma qrupu tərəfindən aparılacaq araşdırmalardan sonra məlum olacaq.
Hadisə ilə bağlı əlavə məlumat veriləcəyi bildirilib.