
Azərbaycanın 17 yaşadək qızlardan ibarət milli komandasının sabiq baş məşqçisi Nərgiz Qurbanova “Report”a müsahibə verib.
Realmedia.info xəbər verir ki, mütəxəssis yığmadan ayrılmasının AFFA ilə qarşılıqlı razılıq əsasında baş verdiyini bildirib və əlavə səbəb olmadığını qeyd edib.
O, milli komandada keçirdiyi 10 illik fəaliyyəti dəyərləndirərək əsas məqsədinin sırf azərbaycanlı futbolçulardan ibarət heyətlə uğurlar qazanmaq olduğunu vurğulayıb. Qurbanova bu müddətdə Moldovanı 4:1 hesabı ilə məğlub etmələrini, həmçinin Bolqarıstan və Qazaxıstan kimi komandalar üzərində qələbələri önəmli nəticələr kimi qeyd edib.
Sabiq baş məşqçi hazırkı U-17 millisinin vəziyyətinə də toxunaraq, futbolçuların beynəlxalq təcrübə topladığını və gələcəkdə daha yaxşı nəticələr göstərə biləcəklərinə ümid etdiyini bildirib.
Qadın futbolundakı əsas problemlərə gəlincə, o, əsas çətinliyin erkən yaşda futbola başlanmaması, təcrübəsizlik və məşq proseslərinə məktəb səbəbindən mütəmadi qatılımın çətinliyi olduğunu qeyd edib.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası ilə bağlı hazırda heç bir vəzifədə çalışmadığını deyən Qurbanova yaxın zamanda klub səviyyəsində məşqçi kimi fəaliyyət göstərə biləcəyini də istisna etməyib.
Qadınlardan ibarət əsas milli komandanın çıxışını isə müsbət qiymətləndirərək gələcəkdə daha böyük uğurların olacağına inandığını bildirib.