
Sabunçu rayonunda ana tərəfindən tərk edilən azyaşlı qız uşağının gecə saatlarında təkbaşına sığınacağa gəlib çıxması ilə bağlı məlumat yayılıb.
Realmedia.info xəbər verir ki, hadisə gecə saat 01:00 radələrində baş verib. Bildirilir ki, sığınacaqdan təxminən 200-300 metr aralıda anası tərəfindən küçədə tərk edilən azyaşlı qız qaranlıq küçələrdə tək hərəkət edərək sığınacağın qapısına qədər gəlib çata bilib.
Sığınacağın əməkdaşları uşağı qarşıladıqdan sonra dərhal ətraf ərazidə ananı axtarsalar da, onu tapmaq mümkün olmayıb.
Müəssisə rəsmiləri hadisənin böyük stres və narahatlıq doğurduğunu bildiriblər:
"Uşaq təkbaşına gəlib sığınacağa. O, yolu tapa bilməzdi, kimsə onu qaçıra bilərdi və ya qaranlıq küçədə başına başqa bir iş gələrdi. Kameralara baxanda dəhşətə gəlirik ki, bu uşaq necə gəlib bura çıxıb? Bu hərəkətin heç bir bəhanəsi ola bilməz".
Hazırda faktla bağlı araşdırma aparılır. Uşağı təhlükədə qoyan valideynin müəyyən edilməsi istiqamətində hüquq-mühafizə orqanları tərəfindən müvafiq tədbirlər görülür.